Döyüşmək istəməyən RUS ƏSGƏRLƏR ZİNDANA ATILIR

11:50 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada müharibədən qaçan və ya intizam cəzası alan əsgərlərin “orta əsrlərə aid zindanlarda” əsir saxlanıldığı bildirilib.

Hafta.az-ın "Daily Star"a istinadən yazdığına görə, Telegramda "Layout" adlı hesabdan paylaşılan görüntülərdə iki rus əsgərin əsir qaldığı iddia edilib. Videolardan birində özünü Pavel Qorelov kimi təqdim edən əsgər "Hamımız palçığın içindəyik, yağışın altında gözləyirik, islanmışıq. Dostlarımının sifətini vurub dağıdıblar" deyir.

Ukrayna cəbhəsində döyüşən 99-cu alayın əsgəri olduğunu iddia edən Qorelov deyir: “Bizim etdiyimiz tək şey pivə içməkdi. Mən Baş Prokurordan kömək istəyirəm, buradakı şəraiti videodan gördünüz", - bir neçə rus əsgərlə birlikdə görüntülənən Qorelov deyib.

Digər videoda özünü Flarit Baytemirov kimi təqdim edən rus əsgər martın 23-dən açıq çuxurda saxlandığını iddia edir. Saratov şəhərindən könüllü olaraq orduya getdiyini bildirən Baytemirov, "Uğrunda döyüşdüyüm xalqın əsirliyindəyəm - rusların əlində. Mən də Rusiya vətəndaşıyam" deyir.

Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “The Telegraph” əsgərlərin saxlandığı yerləri “Orta əsrlərə aid zindanlar” adlandıraraq, videoların müstəqil şəkildə yoxlanılmasının mümkün olmadığını bildirib.

Rusiya prezidenti Vladimir Putinin ötən il fevralın 24-də verdiyi hərbi əməliyyat əmri ilə başlayan müharibədə qarşıdurmalar Donetskdə Bəhmut ətrafında daha da şiddətlənib. Bəhmutun qonşusu Soledar şəhəri yanvar ayında rusların nəzarətinə keçib. 

Qərb kəşfiyyat mənbələri Rusiyanın Bahmutdakı qarşıdurmalarda 30 minə yaxın əsgərini itirdiyini iddia edib. Kreml isə öz itkilərini açıqlamır.

Keçən ay bir qrup rus əsgər Donetskdə Ukrayna sərhədindən təxminən 10 kilometr aralıda yerləşən Şebekinoda əmrlərə tabe olmayacağını bildirən video yayımlamışdı. Adekvat təlim keçmədiklərini, lazımi texnika və silahlarla təmin edilmədiklərini iddia edən əsgərlər hücuma göndərildiklərini və böyük itkilər verdiklərini iddia ediblər.